Bloq

Backlink Nədir? Niyə Vacibdir? Pulsuz Backlink Almaq

screenshot_366ccd5fc9ed58.png

Əgər SEO ilə maraqlanmısınızsa və ya SEO haqqında paylaşdığımız yazılarımızı oxumusunuzsa, SEO-nun səhifə-daxili SEO, texniki SEO və səhifə-xarici SEO optimizasiya proseslərindən ibarət olduğunu bilirsiniz. Bu yazımızda biz sizə səhifə-xarici SEO üçün çox vacib bir element olan backlinklərdən danışacağıq.


Backlink nədir?


Backlink bir saytdan başqa saytlara gedən linklərdir. Backlinkləri sadəcə linklər olaraq görməmək lazımdır. Bir sayt əgər başqa bir sayta backlink verirsə, öz sayt gücünü həmin sayt ilə paylaşmış olur. 


Google axtarış motoru backlinkləri bir saytın təhlükəsizliyini və istifadəçilər üçün yararlılığını ölçmək üçün istifadə edir. Google üçün ən vacib sıralama faktorlarının başında məhz elə backlinklər gəlir. Bu səbəbdən saytın Google axtarış motorundakı sıralamasını və SEO performansını artırmaq üçün backlinklər vacib yer tutur.


Backlinklər saytınıza necə fayda verir?


Backlinklərin saytımız üçün önəmini anlamaq üçün backlinklərin faydaları haqqında məlumat sahibi olmaq lazımdır.


Reputasiya


Google və digər axtarış motorları bir saytın Google axtarış nəticələrində yüksək sıraları əldə edib etməyəcəyini dəyərləndirərkən ilkin növbədə saytın reputasiyasını analiz edirlər. Sayt reputasiyasını artırmağın yolu isə backlinklərdən keçir. A saytından B saytına gedən backlink axtarış motoruna B saytının faydalı və vacib bir sayt olduğunun siqnalını ötürür.


Populyarlıq


Backlinklər axtarış motoruna hansı saytın istifadəçi üçün faydalı və vacib olduğunu göstərməyin ən önəmli yoludur. İndiki gündə Google-də hər hansı bir mövzu ilə bağlı axtarış etdiyiniz zaman ilk 10 sırada çıxan saytların daha aşağı sıralarda görünən saytlardan daha çox backlinkə sahib olduğunu görə bilərsiniz.


Backlink növləri


Backlinklər olduqca vacibdir. Lakin hər backlink eyni dəyərdə deyil. Backlinklər növlərinə görə bölünürlər.


Nofollow backlinklər


Əgər bir sayta backlink verirsinizsə, siz açıq bir şəkildə axtarış motoruna həmin saytın istifadəçilər üçün faydalı olduğunu göstərirsiniz. Backlink verərkən siz öz saytınızın gücünü, backlink verdiyiniz sayt ilə paylaşırsınız. Əgər siz öz sayt gücünüzü backlink vermək istədiyiniz sayt ilə paylaşmaq istəmirsinizsə, bu zaman siz backlinki nofollow şəklində verə bilərsiniz. Nofollow backlinklər saytın kod hissəsində rel=”nofollow” şəklində görünür. Nofollow backlinklər saytınızın gücünü başqa sayt ilə paylaşmadan backlink verməyinizə imkan tanıyır.


Dofollow backlinklər


Nofollow backlinklərdən fərqli olaraq dofollow backlinklər sayt gücünü digər sayta ötürən backlinklərdir. Siz öz saytınızdan başqa bir sayta dofollow backlink verdiyiniz zaman axtarış motoruna backlink verdiyiniz sayta güvəndiyinizi və öz sayt gücünüzü həmin sayt ilə paylaşmaq istədiyinizin siqnalını ötürürsünüz.


Sponsorlu backlinklər


Sponsorlu linklər saytınızda sponsorluq əsasında verdiyiniz linklər üçün istifadə olunur. Məhsul və ya xidmətlərin tanıtımı üçün saytınızda paylaşdığınız məzmunlarda bu backlink növündən istifadə edə bilərsiniz. Bu linklər saytın kod yığınında rel=”sponsored” şəklində görünür.


Yüksək nüfuzlu backlinklər


Yüksək nüfuzlu backlinklər saytınızın Google axtarış nəticələrində ilk sıralarda görünməsi üçün vacib olan əsas backlinklərdir. Yüksək nüfuzlu backlinklər hal-hazırda çox güclü backlink profilinə sahib (başqa güclü saytlardan link alan), saytınızla tematik əlaqədə olan və Google axtarış motorunda yüksək sıralamalar əldə edən saytlardan alınan backlinklərdir.


Bir saytın yüksək nüfuzlu olub olmadığını bilmək üçün Semrush və Ahrefs kimi SEO alətlərindən istifadə etmək olar. Lakin bu alətlərdə göstərilən metriklər Google tərəfindən təsdiq olunan rəsmi metriklər olmasa da, bir saytın dəyərini anlamağınıza kömək edəcək.


Spam (zərərli) backlinklər


Spam və ya zərərli backlinklər Google qaydalarına riayət etməyən saytlardan alınan backlinklərdir. Spa saytlardan gələn backlinklər saytın Google axtarış nəticələrindəki performansına ciddi zərər verə bilərlər.


Google hər nə qədər saytınızı spam backlinklərə qarşı qoruduğunu desə də, sayta həddindən artıq spam backlink gəlməsi saytın ümumi SEO vəziyyəti üçün mənfi haldır. Əgər saytınızda çoxlu sayıda spam backlink varsa bu backlinkləri Semrush aləti zamanı müəyyən etməli və disavow (imtina etmə) faylı yaradaraq saytınızı bu backlinklərdən təmizləməlisiniz.


Backlink analizi necə edilir?


Backlink analizi üçün Semrush alətindən istifadə edə bilərsiniz. Semrush aləti vasitəsilə saytınızın backlinklərini audit edə, saytınıza gələn backlinklərə nəzər yetirə bilərsiniz.



Backlink analizi zamanı saytınıza domain başına nə qədər backlink gəldiyinə baxmalısınız. Ekran görüntüsündə gördüyünüz kimi, bizim saytımız 821 fərqli domain adresindən 37000-ə yaxın backlink alıb. 


Backlink sayısının üzərinə klikdəyimiz zaman bu backlinklərin hansı saytlardan gəldiyini görmək mümkündür.


Backlink analizi edərkən saytınızda domain başına dofollow backlink sayısına baxmalısınız.



Saytımızdakı backlinklərə baxdığımız zaman saytımızın sadəcə 143 fərqli domendən dofollow link aldığını görə bilərik.


Backlink auditi zamanı fokuslanmalı olduğunuz məqamlardan bir digəri isə, anchor mətnlərdir. Anchor mətnlər backlinkin məzmun daxilindəki hansı mətndən gəldiyini göstərir.



Backlink alarkən ən diqqət etməli olduğumuz məqamlardan biri, anchor mətnlərdir. Backlink almağı düşündüyümüz səhifənin əsas açar sözünü anchor text kimi işlədə bilərik. Lakin həmin səhifə üçün çox backlink almağı düşünürsünüzsə, anchor mətni çeşidləndirə bilərsiniz.


Məsələn, su filterləri səhifəsi üçün 10 ədəd backlink almağı düşünürsünüz. Bu zaman backlink üçün istifadə olunacaq məzmun daxilində linki sadəcə su filterləri açar sözünə yerləşdirmək yerinə, anchor mətnlərdə su filterləri qiyməti, su filterləri modelləri, su filterləri bakıda kimi sözlərə də yerləşdirməlisiniz. Bu sayədə siz backlink kampaniyanızın Google axtarış motoru tərəfindən təbii olaraq görülməsini təmin edə bilərsiniz.


Necə pulsuz backlink ala bilərəm?


Əslində, pulsuz backlink almaq çətin və əziyyətli bir işdir. Bundan əlavə olaraq, əgər bir saytdan pulsuz backlink ala bilirsinizsə, bu o deməkdir ki, bunu hamı edə bilir. Hamının backlink aldığı saytlardan backlink almaq isə doğru olmaz. Çünkü bir sayt nə qədər çox backlink verirsə, öz sayt dəyəri də o qədər azalır. Bunun nəticəsində isə həmin saytdan alınan backlinkin bir dəyəri qalmır.


Yenə də əgər backlink büdcəniz yoxdursa və saytınız üçün minimal səviyyədə backlink kampaniyası həyata keçirmək istəyirsinizsə, sizə pulsuz backlink almaq üçün bir neçə tövsiyyə verə bilərik.


1) Güclü saytlardan pulsuz məzmun qarşılığı link istəyə bilərsiniz. Bir çox sayt keyfiyyətli məzmun qarşılığında, həmin məzmunun müəllifinə backlink verməyi qəbul edir.

2) Kataloq saytlardan istifadə edin. Şirkət adlarının paylaşıldığı kataloq saytlardan qeydiyyatdan keçdikdən sonra öz şirkət məlumatlarınızı dolduraraq həmin saytlardan backlink ala bilərsiniz.

3) Rəqibinizin backlink aldığı saytları analiz edin. Semrush vasitəsilə rəqibin backlinklərini analiz edərək rəqibin pulsuz backlink aldığı saytları müəyyən edə bilərsiniz. Bu olduqca vaxt alan və zəhmətli bir proses olsa belə, bəzən çox dəyərli saytlardan backlink almaq fürsəti tapa bilərsiniz.


Backlink alarkən hansı səhvləri etməməlisiniz?


1) Bir çox insan backlink alarkən sadəcə dofollow backlinklərə fokuslanır. Halbuki, backlink profilinizin təbii görünməsi üçün nofollow backlinklər də vacibdir.

2) Bütün backlinklər üçün eyni anchor mətni istifadə etməməlisiniz.

3) Backlinklərin bir gecədə saytınızın Google-dəki sıralamasını yüksəldəcəyini gözləməməlisiniz. Backlinklər davamlı və müntəzəm olaraq alındığı zaman fayda verir.

4) Həddindən artıq link alsanız Google bu linklərin təbii olmadığını düşünərək saytınızı spama sala bilər.



Order successfuly sending