Səhifə-daxili SEO (On-Page SEO) Nədir? Necə Edilir?
Səhifə-daxili SEO SEO optimizasiya prosesinin ən vacib prosesidir. SEO optimizasiya zamanı ilk növbədə saytın texniki və səhifə-daxili SEO vəziyyəti analiz olunur və yaxşılaşdırılır. Bəs, səhifə daxili SEO nədir?
Səhifə-daxili SEO (On-Page SEO) nədir?
Səhifə-daxili SEO (bəzən sayt-daxili SEO olaraq adlanır) saytın istifadəçi tərəfindən görünən üzündə aparılan işlər silsiləsidir. Bu işlərə səhifənin meta məlumatlarının yenilənməsi, açar sözlərin hədəflənməsi, mövzu başlıqlarının düzəldilməsi, məzmunların yaxşılaşdırılması, link strukturunun yaxşılaşdırılması, şəkil SEO-su və daha bir çox proses daxildir.
Google axtarış motoru saytların və saytların daxilindəki səhifələrin hansı açar sözləri hədəflədiyini məhz səhifə-daxili SEO sayəsində anlaya bilir. Əgər sizin saytınızda heç bir SEO optimizasiya prosesi aparılmayıbsa və səhifələriniz açar sözləri düzgün hədəfləmirsə, bu o deməkdir ki, saytınızın səhifə daxili SEO optimizasiyasına ehtiyacı var.
Səhifə-daxili SEO vs. Səhifə-xarici SEO: fərqlər nələrdir?
Adlarından görüldüyü kimi, səhifə-daxili SEO saytın yalnızca istifadəçi tərəfindən görülən hissəsinin optimizasiya olunmasını əhatə edir. Səhifə-xarici SEO isə saytımız üçün kənar saytlardan linklərin yaradılmasını və PR fəaliyyətlərini əhatə edir. SEO prosesi zamanı saytın səhifə-daxili SEO vəziyyəti yaxşılaşdırıldıqdan sonra səhifə-xarici SEO optimizasiyasına keçid edilir. Əgər saytın texniki və səhifə-daxili vəziyyəti SEO cəhətdən optimizasiya olunmayıbsa, ilk növbədə onlar optimizasiya olunmalıdır.
Səhifə-daxili SEO optimizasiyasının faydaları nələrdir?
Səhifə-daxili SEO optimizasiyası saytımız üçün olduqca vacib bir prosesdir. Bu prosesin faydaları:
- Səhifələrimizin hansı açar sözləri hədəflədiyini Google axtarış motoruna göstərmə imkanı.
- Saytın Google axtarış nəticələrindəki sıralamasını yüksəltmə imkanı.
- Daha çox sayt trafiki və satış imkanı.
Saytınızın səhifə-daxili SEO optimizasiyası aparıldıqdan sonra saytınız axtarış nəticələrində sürətlə yüksələrək ilk sıralara gələ bilər. Bu isə birbaşa olaraq məhsul və xidmətlərinizin hədəf kütlənizin qarşısına çıxması, bununla bağlı olaraq trafik və satışlarınızın artması deməkdir.
Səhifə-daxili SEO optimizasiyasında hansı elementlərə fokuslanmaq lazımdır?
Səhifə-daxili SEO optimizasiyası zamanı fokuslanmalı olduğunuz əsas bir neçə element var. Bunlar istifadəçilər tərəfindən görülən, axtarış motoru alqoritmində əhəmiyyət kəsb edən və axtarış nəticələrindəki sıralamalarınıza birbaşa olaraq təsir göstərən amillərdir.
- URL
- Sayt arxitekturası
- Səhifə başlığı
- Mövzu başlıqları
- Meta açıqlamalar
- Alt-teqlər
- Açar sözlər
- Məzmun
- Şəkillər
- Daxili keçidlər (daxili linklər)
- Schema
- Sayt sürəti
- Mobil uyğunluq
- Coğrafi teqlər
- Breadcrumb
Bu siyahıda yer alan və yer almayan bir çox faktor var ki, bunlar axtarış motorlarının bir səhifəni dəyərləndirərkən diqqətə aldığı ən vacib elementlərdir.
Öz saytınız üçün səhifə-daxili SEO optimizasiyasını necə edə bilərsiniz?
Öz saytınız üçün SEO prosesini özünüz idarə edə bilərsiniz. Lakin, SEO optimizasiya diqqət tələb edən bir işdir və hər hansı bir yanlışlığa yol vermək sayt trafikinizi itirməyinizə səbəb ola bilər.
Saytınızda tətbiq edə biləcəyiniz səhifə-daxili SEO optimizasiya addımlarından bəzilərini sizinlə bölüşmək istəyirik:
- Saytınızda kontekstual və qısa URL-lərdən istifadə edin.
- Açar söz araşdırmasını doğru edin.
- Səhifə başlıqlarında açar sözləri mütləq istifadə edin.
- Mövzu başlıqlarında açar sözlərdən istifadə edin.
- Səhifənin meta məlumatlarında açar sözlərə yer verin.
- Güclü məzmun yaradın, məzmunu açar sözlərlə zənginləşdirin.
- Saytınızı daxili keçidlərlə (daxili linklərlə) zənginləşdirin.
- Sayt sürətini artırın.
- Şəkillərə alt-teq əlavə edin.
- Saytınızın mobil cihazlar tərəfindən asanlıqla görülə bilən olduğundan əmin olun.
- Əgər lokal bölgələrə xidmət göstərirsinizsə, saytınızda coğrafi teqlərdən istifadə edin.
- İstifadəçilərin saytda rahatlıqla gəzinməsini təmin etmək üçün breadcrumb elementlərindən istifadə edin.
Səhifə-daxili SEO optimizasiya üçün bilməli olduğunuz vacib məqamlar nələrdir?
Səhifə-daxili SEO nədir sualının cavabını tapdıq. Gələk səhifə-daxili SEO prosesi zamanı bilməli olduğunuz məqamlara:
- URL-lərdə mütləq şəkildə açar söz olmalıdır.
- Meta başlıqlarda mütləq açar söz işlədilməlidir.
- Meta başlıqlar 600 piksel (55-65 simvol) uzunluğunu keçməməlidir.
- Açar sözünüz məzmunun ilk 100 kəlməsi içərisində işlədilmiş olmalıdır.
- Məzmunda istifadə olunan şəkillərin alt-teqlərində açar sözlər olmalıdır.
- H1,H2,H3 kimi mövzu başlıqlarında açar söz işlədilməlidir.
1. URL istifadəsi
URL-lər səhifənin hansı açar sözü hədəflədiyini göstərən ən vacib elementlərdən biridir. Google ilk növbədə URL-i analiz edərək bu URL-ə sahib olan səhifənin kontekstini anlamağa çalışır. Bu səbəbdən saytınızdaki URL-lərdə açar sözlərdən istifadə etməlisiniz.
URL istifadəsi zamanı diqqət etməli olduğunuz məqamlardan biri, URL-in birdən çox açar sözlə doldurulmamasıdır. URL uzun olmamalı və sadəcə əsas açar sözdən ibarət olmalıdır.
2. Səhifə başlığında açar sözlərdən istifadə edin
Səhifə başlığı Google axtarış motorunun səhifənin kontekstini anlamaq üçün analiz etdiyi əsas elementlərdən biridir. Səhifə başlıqları saytın kod hissəsində <title></title> etiketləri arasında verilir. Adətən səhifə başlıqlarına meta başlıqlar da deyilir.
Səhifə başlıqları maksimum 600 piksel uzunluğunda olmalıdır. Bu piksel uzunluğu Google axtarış nəticələrində görülən sayt başlıqlarının maksimum uzunluq ölçüsüdür. Daha uzun mövzu başlıqları axtarış nəticələrində görünmür.
Mövzu başlıqlarında URL istifadə etmək səhifənizin Google axtarış nəticələrində daha üst sıralarda görünməsinə kömək edəcək.
3. Mövzu başlıqlarında açar sözlərdən istifadə edin
Mövzu başlıqlarında açar söz istifadəsi diqqət etməli olduğunuz əsas məqamlardan biridir. Mövzu başlıqları səhifə daxilində H1, H2, H3 etiketləri ilə göstərilir. Bu teqlər məzmun daxilində istifadə olunur və məzmunu hissələrə bölərək oxunulmasını asanlaşdırır.
Hər səhifədə maksimum 1 ədəd H1 etiketi olmalıdır. H1 etiketi açar sözünüzü ən yaxşı şəkildə göstərə biləcəyiniz yerdir. Adətən saytlarda səhifə başlıqları (bloq, məhsul və ya kateqoriya) avtomatik olaraq H1 etiketi ilə göstərilir. H1 etiketində birdən çox açar söz göstərməməyə diqqət edin. H1 etiketiniz səhifəyə gələn istifadəçinin diqqətini çəkməlidir.
4. Diqqət çəkən meta açıqlamalar yazın
Google meta açıqlamaların saytın axtarış nəticələrindəki sıralamasına təsir göstərmədiyini açıqlamış olsa da, meta açıqlamalar hələ də istifadəçilərin diqqətini çəkməyə və açar söz istifadəsi üçün vacib bir element olmağa davam edir.
Meta açıqlamalar maksimum 155 simvol və ya 960 piksel uzunluğunda olmalıdır. Meta açıqlamalarda birdən çox açar söz istifadə edə bilərsiniz.
5. Şəkillərdə alt-teqlərdən istifadə edin
Məzmun daxilində istifadə etdiyiniz şəkillərdə mütləq alt-teq istifadə etməlisiniz. Google şəkilləri oxuya bilmədiyi üçün şəkillərin mövzusunu alt-teqlər vasitəsilə anlamağa çalışır. Alt-teqlərdə siz rahatlıqla açar sözlərdən istifadə edə bilərsiniz.
6. Açar sözlərdən təbii şəkildə istifadə edin
SEO-da açar sözlər ən vacib elementlərdir. Səhifələriniz üçün düzgün açar söz araşdırması etməli və açar sözlərdən düzgün istifadə etməlisiniz.
Öncəliklə, açar söz seçimində diqqət etməli olduğunuz əsas faktorlar:
- Rəqabət səviyyəsi yüksək açar sözləri hədəfləməyin. Əgər saytınız yenidirsə və ya saytınız çox trafik almırsa, rəqabət səviyyəsi aşağı olan açar sözləri hədəfləmək daha doğru olar.
- Axtarış həcmi olan açar sözləri hədəfləyin. Zəif rəqabət səviyyəsinə sahib olan yüksək axtarış həcmli açar sözlər sizin trafik çəkə biləcəyiniz açar sözlərdir.
Bəs, açar sözlərdən necə istifadə edə bilərsiniz?
- Əvvəlcə hər hansı bir səhifəniz üçün açar söz araşdırması edin.
- Səhifənizin əsas açar sözünü müəyyən edin.
- Səhifənizin əsas açar sözü ilə əlaqəli olan digər açar sözləri müəyyən edin.
- Əsas açar sözü səhifə başlığında, mövzu başlığında, meta açıqlamada işlədin.
- Məzmun daxilində əsas açar sözü və əlaqəli açar sözləri bir neçə dəfə işlətməyə cəhd göstərin.
Unutmayın ki, hər səhifədə mütləq şəkildə müəyyən bir mövzu ilə əlaqəli olan açar sözlərə fokuslanmaq lazımdır. Məsələn, siz su filterləri səhifənizdə su sistemləri açar sözlərini hədəfləməməlisiniz.
7. Güclü məzmuna sahib olmalısınız
Məzmun SEO üçün əhəmiyyət kəsb edir. Saytınızdakı hər bir səhifə SEO yönümlü şəkildə optimizasiya olunmuş olmalıdır. Məzmun nəyinki saytınızın axtarış nəticələrində üst sıralarda görünməsinə kömək edir, eləcə də istifadəçilərin diqqətini çəkir və onları satışa yönəldir.
Davamlı olaraq maraqlı məzmunlar paylaşaraq saytınızı yeni tutmaq, istifadəçiləri hərəkətə keçirmək və açar sözlər hədəfləmək sayt trafikinizi və SEO performansınızı artıracaq.
Məzmununuzda olmalı olan xüsusiyyətlərdən bəziləri:
- Məzmun daxilində əsas açar sözü və əlaqəli açar sözləri keçirdin.
- Açar sözləri mövzu başlıqlarına və səhifə başlığına əlavə edin.
- Məzmununuzu şəkil və videolar ilə zənginləşdirin.
- Məzmununuzun asanlıqla oxunula bilən olmasını təmin edin.
- Məzmununuz həddindən artıq qısa və ya uzun olmamalıdır.
8. Məzmunda istifadə olunan multimedia fayllarını optimizasiya edin
Əgər məzmununuzda şəkil istifadə edirsinizsə, həmin şəkillərin həcminin həddindən artıq çox olmamasına diqqət etməlisiniz. Həddindən artıq yüksək həcmə sahib şəkilləri saytda işlətmək sayt sürətini azaldır və istifadəçi təcrübəsini aşağı salır.
9. Daxili keçidlərdən (daxili linklərdən) istifadə edin
Daxili linklər istifadəçilərin bir səhifədən digərinə rahatlıqla keçid etməsinə kömək edir. Daxili linklər Google alqoritmi üçün sıralama faktorudur. Bu o deməkdir ki, düzgün istifadə olunan daxili linklər saytın Google axtarış motorundaki sıralamasını artırır.
Səhifələrinizdən əlaqəli səhifələrə daxil link vermək Google axtarış botunun link verdiyiniz səhifəni yenidən taramasına kömək edir. Daxili linklərin bir digər xüsusiyyəti isə, səhifə gücünü başqa səhifəyə ötürmə xüsusiyyətidir. Deyək ki, sizin ən güclü səhifəniz ana səhifənizdir. Ana səhifədən daxili səhifələrə linklər vermək, ana səhifənin gücünü daxil səhifələrlə bölüşməyə kömək edəcək.
Əgər axtarış nəticələrində ilk sıralarda görünən və trafik alan bir səhifəniz varsa həmin səhifədən başqa səhifələrinizə link vermək digər səhifələrinizin də güclənməsinə kömək edəcək.
10. Sayt sürətini artırın
Sayt sürəti Google axtarış motoru tərəfindən sıralama faktoru olaraq görülür. Əgər saytınızın sürəti zəifdirsə, bu birbaşa olaraq SEO performansınıza neqativ təsir göstərəcək. Sayt sürəti eyni zamanda istifadəçi təcrübəsinə də neqativ təsir edir. Saytınızın gec açıldığını görən istifadəçilər saytınızın yüklənməsini gözləmədən səhifəni tərk edəcəklər və başqa saytlara keçid edəcəklər.
Sayt sürətini artırmaq üçün nələr edə bilərsiniz?
- Saytınızdakı yüksək həcmli şəkillərin həcmini kiçildin
- Saytınızdakı lazımsız kodları təmizləyin
- Saytınızdakı lazımsız əlavəetmələri (pluginləri) deaktiv edin və silin
- Saytınızda Cloudflare CDN istifadə edin
- Saytınızın saxlandığı hostinqin RAM həcmini artırın
11. Saytınızı mobil istifadəyə uyğun hala gətirin
Saytın mobil istifadəyə uyğunluğu Google tərəfindən diqqətə alınan sıralama faktorudur. Hal-hazırda Google-də edilən axtarışların 80%-dən çoxu mobil cihazlar ilə edilir. Bu o deməkdir ki, saytlara gedən trafikin çox böyük bir hissəsi mobil cihazlardan gedir.
Saytınızı mobil cihazlar vasitəsilə ziyarət edən istifadəçilərin heç bir çətinlik yaşamadan saytdan istifadə edə bilməsi, saytın mobil istifadəyə uyğunluğunun göstəricisidir. Əgər saytınız mobil istifadəyə uyğun deyilsə, istifadəçilər saytınızı mobil cihazlardan görüntüləyə bilmirsə bu birbaşa olaraq saytınızın ümumi SEO performansına təsir edəcək.
12. Saytınızı lokal axtarışlara uyğunlaşdırın
Əgər saytınız müəyyən bir bölgə üçün xidmət göstərirsə, səhifə-daxili SEO optimizasiyası zamanı bu bölgələrin adlarını səhifə başlıqlarında, mövzu başlıqlarında, məzmunlarda və digər səhifə-daxili elementlərdə keçirmək yaxşı bir fikir ola bilər.
Saytınızı xidmət göstərdiyiniz səhifələr üçün optimizasiya etmək, həmin bölgələrdə edilən axtarışlar üzrə saytınızın Google axtarış nəticələrində ilk sıralarda çıxmasına kömək edəcək.
13. Breadcrumb istifadə edin
Breadcrumb elementləri istifadəçinin səhifə daxilində naviqasiyasını asanlaşdıran elementlərdir.
Bu elementlər nəyinki istifadəçinin sayt içərisindəki naviqasiyasını asanlaşdırır, eləcə də səhifə daxili SEO optimizasiyasına da müsbət təsir göstərir.
Nəticə: Səhifə-daxili SEO
Bu yazıda sizə səhifə daxili SEO nədir, necə edilir və sayt daxili SEO edərkən nələrə diqqət etməli olduğunuz barədə məlumat verdik. Digər yazılarımız vasitəsilə SEO barədə daha çox məlumat sahibi ola bilərsiniz.
Əgər saytınızın SEO optimizasiya prosesini təcrübəli mütəxəssislərə həvalə etmək və Google axtarış nəticələrində saytınızın ilk sırada görünməsini istəyirsinizsə bizim SEO xidmeti paketlərimizə nəzər sala bilərsiniz.