Bloq

Səhifə-Xarici SEO (Off-Page SEO) Nədir? Necə Edilir?

sehife-xarici-seo66cb5d2f265f5.png

SEO xidmeti 3 prosesdən ibarətdir: (1) səhifə-daxili SEO, (2) texniki SEO və (3) səhifə-xarici SEO. Bu yazımızda səhifə-xarici SEO (sayt xarici SEO da deyilir) haqqında danışacağıq.


Səhifə-xarici SEO nədir?


Səhifə-xarici SEO saytımızın axtarış sistemlərindəki reputasiyasını artırmaq üçün saytımızdan kənarda etdiyimiz SEO optimizasiya prosesidir. Deyə bilərsiniz ki, necə olur ki, biz başqa saytlarda SEO optimizasiya edirik və bu bizim saytımıza təsir edir? Bu sualın cavabını bilmək üçün əvvəlcə axtarış motorlarının necə işlədiyini bilmək lazımdır.


Axtarış motorları üçün saytın təhlükəsiz və faydalı olması çox vacibdir. Əgər saytınızın faydalı olduğu təsdiqlənməyibsə, saytınızın SEO-su nə qədər yaxşı olursa olsun axtarış nəticələrində yüksək sıralar əldə edə bilməyəcək. Bəs, biz saytımızın faydalı olduğunu axtarış motorlarına necə göstərə bilərik?


Burada backlinklər və səhifə-xarici SEO vacib yer tutur. Səhifə-xarici SEO haqqında danışırıqsa, backlinklərin nə olduğunu bilməliyik.


Backlink nədir?


Backlinklər başqa saytlardan bizim saytımıza gələn linklərdir. Əgər ki, başqa bir sayt öz səhifələrindən birindən və ya bir neçəsindən bizim səhifəmizə link verirsə, bu o deməkdir ki, həmin sayt öz domen gücünü bizimlə bölüşür. 



Bundan əlavə olaraq, backlinklər təsdiq rolu oynayır. Yəni, əgər bir sayt bizim saytımıza backlink verirsə, axtarış sistemi həmin backlinkə əsaslanaraq saytımızın təhlükəsiz və faydalı olduğuna qənaət gətirir. Keyfiyyətli və saytımızla tematik əlaqəli olan saytlardan gələn backlinklər saytımızın ümumi SEO performansını yaxşılaşdırır.


Backlinklər və ya səhifə-xarici SEO niyə vacibdir?


Google alqoritmi davamlı olaraq dəyişir. Alqoritmin dəyişməyən tək qaydası isə, backlinklərin çox vacib olmasıdır. Google alqoritmi hələ də bir saytın təhlükəsiz və faydalı olduğunu linklər vasitəsilə anlaya bilir. İndiki gündə Google alqoritmində backlinklər ən əsas sıralama faktorudur. Bu səbəbdən hər bir sayt keyfiyyətli və əlaqəli saytlardan backlinklər əldə etməlidir.


Səhifə-daxili SEO ilə səhifə-xarici SEO arasındakı fərqlər nələrdir?


Səhifə-daxili SEO:


  • Sadəcə istifadəçilərin gördüyü hissələrə fokuslanır. Açar söz araşdırması, açar söz istifadəsi, məzmun yaradılması kimi proseslərdən ibarətdir.
  • Səhifə-daxili SEO-da daxili linklər vacibdir.
  • Səhifə-daxili SEO-da məzmunları öz saytımız üçün yazırıq.
  • Səhifə daxili SEO məzmunun keyfiyyəti, açar söz istifadəsi, sayt sürəti, mövzu başlıqları, səhifə başlıqları kimi amillər əsas sıralama faktorlarıdır.


Səhifə-xarici SEO:


  • Saytımızdan kənarda etdiyimiz SEO optimizasiya prosesidir.
  • Əsas məqsəd saytımızı tanıtmaqdır.
  • Səhifə-xarici SEO-da xarici linklər və ya backlinklər vacibdir.
  • Səhifə-xarici SEO-da məzmunları başqa saytlarda paylaşmaq üçün yazırıq.
  • Səhifə-xarici SEO-da sosial media, PR linklər, backlinklər, rəylər, Google My Business kimi amillər əsas vacib faktorlardır.


Səhifə-xarici SEO necə edilir?


Səhifə-xarici SEO nədir sualının cavabını tapdığımıza görə, indiki mərhələdə saytınızın səhifə-xarici SEO optimizasiyasını necə idarə edəcəyinizlə bağlı danışa bilərik.


Saytınızın səhifə-xarici SEO optimizasiyasını etmək üçün aşağıdakı addımları izləməlisiniz:


  • Başqa saytlardan backlink almalısınız. İndiki gündə backlinklər adətən ödənişli formada satılır. Güclü, saytınızla tematik əlaqəli olan saytlardan ödənişlə backlink ala bilərsiniz.
  • Güclü məzmun yaratdıqdan sonra məzmununuzu backlink yayınlamaq istədiyiniz saytlara göndərə bilərsiniz. Bəzi saytlar onlar üçün ödənişsiz formada yazdığınız məzmunu backlink qarşılığında öz saytlarında yayımlamağı qəbul edirlər.


Backlink almağın iki əsas yolu budur.


Səhifə-xarici SEO edərkən nələrə diqqət etməliyəm?


Yazının əvvəlində dediyimiz kimi, hər backlink eyni dəyərdə deyil. Bəzi backlinklər çox dəyərlidir, bəziləri isə ümumiyyətlə faydasızdır. Səhifə-xarici SEO optimizasiya edərkən hansı backlinklərin dəyərli olduğunu anlamalısınız.


Backlinklərin dəyərini müəyyənləşdirərkən aşağıdakı faktorlar diqqətə alınmalıdır:


  • Link verən saytın keyfiyyəti
  • Link verən səhifədə paylaşılan məzmunun saytımızla əlaqə dərəcəsi
  • Link verən saytın saytımızla əlaqə dərcəcəsi
  • Linkin təzəliyi
  • Link verən saytın trafiki
  • Verilən linkdə istifadə olunan mətn (anchor mətn)
  • Link verən saytın təhlükəsizliyi
  • Link verən saytın backlink profili (başqa saytlardan aldığı keyfiyyətli backlink sayısı)
  • Link verən saytın başqa saytlara verdiyi linklərin çoxluğu


Bütün bu faktorlar alınacaq backlinkin dəyərini müəyyən edir. Əgər ki, sayt gücü yüksək, trafiki yüksək və başqa saytlara az backlink verən əlaqəli bir saytdan backlink alsanız, bu sizin SEO performansınıza müsbət təsir göstərəcək.


Lokal SEO ilə səhifə-xarici SEO-nuzu gücləndirə bilərsiniz


Lokal SEO xüsusilə müxtəlif coğrafi bölgələr üçün xidmət göstərən saytların SEO optimizasiya prosesləri üçün vacibdir. Lokal SEO üçün istifadə olunan bir çox metod var ki, onlar eyni zamanda səhifə xarici SEO optimizasiyası üçün də faydalıdır. Bunlardan bəzilərini sizinlə bölüşmək istəyirik.


  • Saytınızın Google My Business hesabını hədəf açar sözlər üzrə optimizasiya edin. 
  • Trip Advisor, Yelp və digər biznes kataloq saytlarında şirkətinizin qeydiyyatını tamamlayın.
  • Müştərilərinizin şirkətinizin Google My Business və digər kataloq saytlardakı hesablarına müsbət rəy bildirməsini istəyin.
  • Biznes məlumatlarınızı istifadə edə bildiyiniz bütün platforma və saytlarda istifadə edin.


Bütün bu addımlar saytınızın həm Lokal SEO-sunu həm də səhifə-xarici SEO vəziyyətini gücləndirəcək.


Səhifə-xarici SEO və ya backlinklər nə vaxt nəticə göstərir?


Backlinklər əgər keyfiyyətli saytlardan əldə olunubsa, çox qısa zamanda təsir göstərir. Güclü, yüksək trafikli və saytımızla tematik əlaqədə olan saytlardan alınan backlinklər Google tərəfindən indeksləndikdən qısa müddət sonra saytımıza müsbət təsir göstərir.

Order successfuly sending