SEO Yoxlama Siyahısı (Checklist): Sayt Auditi Üçün Checklist
Bu SEO yoxlama siyahısı (checklist) sayt auditi və ya saytın SEO optimizasiya prosesində mütləq formada nəzərə almalı olduğunuz səhifə daxili, səhifə xarici və texniki SEO nüansları ehtiva edir. Bu SEO checklisti istər öz saytınız, istərsə də SEO göstərdiyiniz saytlar üçün istifadə edə bilərsiniz.
Hazırladığımız SEO yoxlama siyahısının sizin üçün faydaları:
- Sayt auditi zamanı diqqətinizdən qaçan heç bir şey olmayacaq.
- Saytın ətraflı auditini həyata keçirmiş olacaqsınız.
- Saytda aparılacaq SEO prosesi üçün öncəlik veriləcək məsələləri müəyyən etmiş olacaqsınız.
Bu yoxlama siyahısını hər kəsin istifadə edə biləcəyi bir şəkildə yaratmağa çalışdıq. Google-də saytınızı ilk sıralara gətirmək üçün istifadə edə biləcəyiniz bu ödənişsiz yoxlama siyahısını Google Sheets vasitəsilə kopyalayaraq işlədə bilərsiniz.
SEO Yoxlama Siyahısından Necə İstifadə Edə Bilərsiniz?
SEO çox zəhmət tələb edən, uzunmüddətli bir işdir. Bu səbəbdən bir çox insan SEO-ya yanaşmır. Lakin SEO-nun bir sayt üçün necə fərq yarada biləcəyini bilənlər, SEO-ya lazımi diqqəti ayırırlar və əziyyətlərinin bəhrəsini görürlər.
Siyahıda yer alan hər bir bənd, özlüyündə ayrı bir mövzudur. Bunları öyrənmək və bu mövzular haqqında məlumat sahibi olmaq hər bir rəqəmsal marketinq mütəxəssisi üçün vacibdir. Əgər bu bəndlərin əhəmiyyəti haqqında heç bir məlumatınız yoxdursa, bir saytda tapdığınız xətaların heç bir önəmi yoxdur. Əsas lazım olan, o xətaları necə düzəldə biləcəyinizdir.
Bu səbəbdən əgər SEO haqqında heç bir məlumatınız yoxdursa, əvvəlcə aşağıdakı mövzular haqqında biraz məlumt sahibi olub ondan sonra bu yoxlama siyahısından istifadə etməlisiniz:
- Səhifə daxili SEO
- Səhifə xarici SEO
- Texniki SEO
Təməl Səviyyə
SEO-da uğurun 80%-i təməlləri doğru bilib tətbiq etməkdən gəlir. Bir çox SEO mütəxəssisi sosial mediada fərqli konseptlərdən, terminlərdən və strategiyalardan bəhs edir. Lakin sizin təməl səviyyə SEO biliyiniz yaxşı deyilsə və təcrübəniz zəifdirsə, bu konseptlər sizin ağlınızı qarışdırmaqdan başqa heç bir işə yaramayacaq. Sadəcə və sadəcə təməl səviyyədə 3-4 illik təcrübə qazanıb və təcrübənizin nəticələrini gözünüzlə gördükdən sonra iləri səviyyə SEO-ya keçid edə bilərsiniz.
Bu səbəbdən SEO yoxlama siyahımızda təməl səviyyədə diqqət edilməli olan kritik amillərə yer verdik.
Google Search Console Quraşdırılması
SEO sahəsini öyrənməyin iki əsas yolu təcrübə və analizdir. Analiz mərhələsində istifadə edəcəyiniz alətlərin başında iə Google Search Console aləti gəlir. Bu alət ödənişsizdir. GSC ilə sayt trafikinizi, ən çox click alan səhifələrinizi, açar sözlərinizin Google axtarış nəticələrindəki yerini (sıralamasını) görə bilərsiniz.
Yaxşı bir SEO mütəxəssisi, Google Search Console alətini yaxşı işlədə bilməlidir. Əlavə olaraq, yaxşı bir SEO mütəxəssisi bu alət vasitəsilə əldə etdiyi dataları analiz edə bilməli və nəticə çıxarda bilməlidir.
Əgər saytınız hələ də Google Search Console alətində qeydiyyatlı deyilsə, ilk iş olaraq saytınızı Google Search Console alətinə əlavə etməlisiniz.
Bing Webmaster Tools Quraşdırılması
Google Search Console alətinə bənzəyən bir digər alət isə Bing Webmaster Tools alətidir. Bu alət vasitəsilə Google Search Console-da edə bildiyiniz hər şeyi edə bilərsiniz. Əlavə olaraq, Bing Webmaster Tools xüsusilə təməl səviyyədə SEO biliyi olmayanların saytlarında nələrə diqqət etməli olduqlarını bildirişlər ilə göstərərək saytın SEO-suna töhfə verir.
Google Analytics 4 Quraşdırılması
Bir digər analiz aləti isə hamınızın bildiyi Google Analytics 4-dür. Bu alət hədəf kütləniz və hədəf kütlənizin saytınızla necə əlaqə keçdiyi haqqında sizə detallı məlumatlar verir. Trafik qaynaqlarınız, ən yaxşı performans göstərən səhifələriniz, dönüşümləriniz və daha çoxu bu alətdə görünür. Digər analiz alətlərində olduğu kimi, saytınızın vəziyyəti ilə bağlı detallı və doğru dataları toplamaq üçün bu aləti də saytınıza əlavə etməlisiniz.
SEO Əlavəetmələrini Yükləyin
Əgər saytınız WordPress ilə yaradılıbsa, mütləq SEO əlavəetmələrini yükləməlisiniz. SEO əlavəetmələri SEO optimizasiya prosesinizi 5 qat sürətləndirəcək.
Bu əlavəetmələr arasında ən populyar olanı Rank Math tətbiqidir. Bu tətbiq həm təməl səviyyə, həm də iləri səviyyə SEO optimizasiya üçün işinizə yarayacaq.
Tətbiqin üstünlüklərindən bəziləri:
- Meta məlumatları rahatlıqla optimizasiya etmək
- URL strukturunda rahat dəyişikliklər etmək
- Yönləndirmələri (301 & 302) asan bir şəkildə həyata keçirmək
- Schema əlavəetmələrini rahatlıqla tətbiq etmək
- Sitemap (sayt xəritəsi), robots.txt (robot faylı) kimi faylları avtomatik yaratmaq
Və daha çoxu...
Rank Math xüsusilə səhifə daxili SEO proseslərində sizə çox kömək edəcək. Əgər mümkündürsə, bu əlavəetməni saytınıza quraşdırmalı və istifadə etməyə başlamalısınız.
Sayt Xəritəsi Yaratmaq & GSC Vasitəsilə Təsdiq Etmək
Sayt xəritəsi saytınızdakı bütün URL-lərin yer aldığı bir fayldır. Deyə bilərsiniz ki, niyə saytımdakı bütün səhifələri tək bir faylda toplamalıyam?
Cavab sadədir.
Google-nin işini asanlaşdırmaq. Google saytınızı kəşf etdiyi zaman ilk olaraq sayt xəritənizə baxacaq. Sayt xəritəniz düzgün yaradılıbsa, Google saytınızı kəşf etmək üçün əlavə resurs xərcləmək məcburiyyətində qalmayacaq və asanlıqla səhifələrinizə keçid edəcək.
Buradakı məntiq, Google-nin daha az resurs xərcləməsinə kömək etməkdir. Google bu hərəkətinizi mükafatsız buraxmayacaq ????
Sayt xəritənizi yaratdıqdan sonra (əgər Rank Math işlədirsinizsə avtomatik olaraq yaradılacaq) manual olaraq GSC alətində onu Google-yə bildirməlisiniz.
Necə edəcəyinizi bilmək üçün yuxarıdakı ekran görüntüsünə baxa bilərsiniz.
Robots.txt Faylı Yaradın
Robots.txt faylı Google tarama botunun (Google-nin saytınızı kəşf etmək üçün saytınıza göndərdiyi bot və ya proqram) saytınızdakı hansı səhifələrə daxil olub ola bilmədiyini müəyyən edən fayldır. Siz bu fayl vasitəsilə Google tarama botunun müəyyən səhifələrə (sifariş, istifadəçi paneli, məxfi səhifələr və s.) girişini qadağan edə bilərsiniz. Bu sayədə Google-nin görməsini istəmədiyinz səhifələrə istək ataraq lazımsız yerə resurs xərcləməsinin qarşısını ala bilərsiniz.
Nümunə Robots.txt faylını yuxarıdakı şəkildən görə bilərsiniz.
Bu şəkildə sayt Google axtarış sistemi robotunun /root/ və /arama/ qovluqlarına və Milliyet.aspx faylına girişini qadağan edib.
Robots.txt faylı yaratmağın ən rahat yolu Rank Math tətbiqini yükləməkdir. Əgər saytınız WordPress ilə yaradılmayıbsa, özünüz manual olaraq robots.txt faylı yaradaraq sayta yükləməlisiniz.
Texniki SEO Yoxlama Siyahısı
Bir çox insan SEO-nun texniki yönlərinə ya dəyərindən çox, ya da dəyərindən az önəm verir. Texniki SEO, SEO-nun digər aspektləri kimi vacib bir məsələdir. İndiki gündə ən böyük saytların birinci problemi saytın texniki yönlərini doğru şəkildə optimizasiya etməkdir.
Saytınızın texniki yönlərini optimizasiya etməyiniz üçün yoxlama siyahıma bəzi vacib nüanslar qeyd etmişəm. Bu siyahıda texniki SEO optimizasiya üçün lazım olan hər şeyi tapa bilməsəniz belə, ən vaciblərinə yer verməyə çalışdıq.
Saytınızın Mobil Uyğunluğunu Təmin Edin
Əgər SEO-da yenisinizsə, saytın mobil uyğunluğunun əhəmiyyətini bilməyə bilərsiniz. Qısa olaraq bunun önəmini sizə izah edək.
Google saytları mobil uyğunluğuna görə indexləyir (axtarış nəticələrində göstərir). Google bir saytı başdan aşağı tarayarkən, həmin saytın mobil versiyada necə göründüyünü əsas alaraq tarayır. Əgər saytınız mobil cihazlar üçün uyğun deyilsə, saytınızdakı vacib elementlər mobil cihazlarda doğru şəkildə görünmürsə və ya ümumiyyətli saytınız mobil cihazlar üçün uyğun deyilsə, bu saytınızın SEO performansına ciddi təsir göstərəcək.
Bəs, saytınızın mobil cihazlar üçün uyğun olub olmadığını necə test edə bilərsiniz? Çox sadə bir alət ilə. Small SEO Tools-un “Mobil Uyğunluq Testi” aləti ilə saytınızın mobil cihazlarda necə göründüyünü görə bilərsiniz.
Bu alət ilə saytınızı audit edərkən saytınızdakı vacib elementlərin mobil versiyada doğru bir şəkildə göründüyündən əmin olmalısınız.
Saytınızın Sürətli Olduğundan Əmin Olmalısınız
Sayt sürəti Google və digər axtarış sistemlərinin ən çox diqqət etdiyi məsələlərdən biridir. Əgər saytınızın sürəti zəifdirsə, SEO yarışına 1 yox, 10 addım geridə başlamış olacaqsınız.
GSC panelinə daxil olub “Page Experience” hissəsinə keçid edin.
Burada siz GSC alətinin saytınızın sürəti və istifadəçi təcrübəsi ilə bağlı verdiyi hesabatı görəcəksiniz. İdeal olaraq, “Core Web Vitals” hissəsində hər şeyin “Good” olaraq görülməsi məsləhətlidir. Ekran görüntüsündə gördüyünüz kimi, göstərdiyimiz saytın mobil versiyasında yaxşılaşdırılma aparılmalı olan 693 səhifə var.
Eynilə, Google-nin özündə olan ödənişsiz Page Speed Insights aləti də saytın sürəti ilə bağlı sizə fikirlər verəcəkdir.
Bunun üçün siz alətə daxil olaraq analiz etmək istədiyiniz saytı daxil etməlisiniz.
Gördüyünüz kimi, analiz etdiyimiz saytın sürəti hal-hazırda yaxşı vəziyyətdə deyil. Bu alət sizə sayt sürətini artırmaq üçün müəyyən tövsiyyələr verir. Bu tövsiyyələrə əməl edərək sayt sürətini artıra bilərsiniz.
Saytınızın Tarama İlə Bağlı Məhdudiyyəti Olmadığından Əmin Olun
“Tarama” ifadəsi Google axtarış motoru robotunun saytınızı incələməsi mənasına gəlir. Əgər saytınızda robotun saytınızı taramasına mane törədən elementlər, xətalar və ya məhdudiyyətlər varsa, bu saytınızın SEO-suna ciddi mənfi təsir göstərəcək.
Tarama xətaları saytda mövcud olan səhifələrin Google axtarış motoru tərəfindən indexlənməsə mane törədir.
Saytınızdakı tarama xətalarını tapmağın ən rahat yolu, Screaming Frog, Ahrefs və ya Semrush gibi populyar SEO analiz alətlərindən istifadə etməkdir. Bu analiz alətləri saytınızdakı problemləri aşkar edərək onları necə aradan qaldıracağınızla əlaqəli sizə tövsiyyələr verəcək.
Nümunə olaraq, bir saytın Ahrefs analizini sizə göstərmək istəyirəm.
Ekran görüntüsündə gördüyünüz kimi, Semrush aləti saytdakı mövcud problemlərlə əlaqəli bəzi xətalar tapıb. Bu xətaları tapdıqdan sonra düzəltmək Google-nin saytınızı taramasını asanlaşdıracaq və SEO performansınızı artıracaq.
İndeksləmə Xətalarını Tapın və Aradan Qaldırın
Google-nin saytları öz məlumat bazasına əlavə etməsinə indeksləmə deyilir. Saytın tarana bilən olması, həmin saytın indekslənəcəyini zəmanət altına almır.
Saytınızın indekslənməsi üçün səhifənizdə texniki və səhifə-daxili problemklər olmamalıdır. Adətən səhifələrin indekslənməsinə mane olan problemlər arasında aşağıdakılar yer alır:
- Səhifələrin noindex teqi ilə işarətlənmiş olması
- Səhifələrin robots.txt faylından əngəllənmiş olması
- Səhifələrin silinmiş olması (404 xətası verməsi)
- Səhifələrin yönləndirmə xətasına sahib olması
- Sayt daxilində səhifənin başqa bir kopyası olması
Bütün bu problemlər səhifənin və ya saytın Google tərəfindən indekslənməsinə mane törədir. Google Search Console və Screaming Frog alətləri səhifənin indeklslənməsinin önündəki əngəlləri tapmaq üçün faydalı alətlərdir.
Nümunə olaraq, GSC alətindən aldığımız bir ekran görüntüsünü sizə təqdim edirik. Bu ekran görüntüsündə hansı səhifələrin niyə indeklslənmədiyini GSC mənə göstərir. Siz GSC alətindən səhifələrin indekslənməsinə mane olan problemləri rahatlıqla görə bilərsiniz.
Bir digər nümunə olaraq isə Semrush alətindən aldığımız ekran görüntüsünə baxa bilərsiniz:
GSC və Semrush tərəfindən müəyyən olunan indekslənmə xətalarına daxil olub hansı səhifələrin indekslənmədiyini görmək də mümkündür. Əgər həmin səhifələr arasında sizin üçün vacib olan səhifələr varsa, həmin səhifənin indekslənməsinə mane törədən xətanı aradan qaldırmalısınız
Saytınızın HTTPS Versiyada İşlədiyinə Diqqət Edin
HTTPS ən sadə sıralama faktorlarından biridir. HTTPS əslində bir təhlükəsizlik protokoludur. Saytların təhlükəsizliyini göstərmək üçün hər bir sayt HTTPS protokolundan istifadə etməlidir.
Saytınızın HTTPS versiyada işləyib işləmədiyini öyrənmək isə çox sadədir.
Əgər saytınızın linkinin önündə HTTPS yazırsa, bu o deməkdir ki, saytınızın SSL sertifikatı var və saytınız HTTPS versiyada aktivdir.
SSL sertifikatı bir web saytın təhlükəsiz olduğunu istifadəçilərə bildirən bir sertifikatdır. SSL sertifikatı olmayan sayt HTTPS versiyada açıla bilməz.
Saytınızda Kopya Məzmunların Olmadığına Diqqət Edin
Kopya məzmun, başqa yerlərdən götürülmüş məzmunların paylaşılmasına deyilir. Bir çox halda saytda mövcud olan məzmunların yenə eyni sayt daxilində paylaşılması da kopya məzmun probleminə səbəb olur.
Əgər saytınızda kopya məzmun varsa, Google həmin məzmunun istifadə edildiyi səhifələrdən yalnız 1-ini indeksləyəcək.
Saytınızda kopya məzmun probleminin olub olmadığını anlamaq üçün Screaming Frog alətindən istifadə edə bilərsiniz.
Screaming Frog aləti vasitəsilə saytınızı audit etdikdən sonra şəkildə göstərilən hissəyə daxil olaraq saytınızdakı kopya məzmunları görə bilərsiniz.
Kanonikal Teqlərə Diqqət Edin
Kanonikal teqlər bir səhifənin kopyalanmasının qarşısını almaq üçün tətbiq edilə biləcək ən yaxşı yollardan biridir. Deyək ki, saytınızda aşağıdakı versiyada 4 səhifə var:
- https://saytadi.com/almanin-faydalari/
- https://saytadi.com/alma-faydalari
- https://saytadi.com/alma-yemeyin-ustunlukleri
- https://saytadi.com/qirmizi-almanin-faydalari
Linklərdən də məlum olduğu kimi, bu 4 səhifənin 4-ündə də almanın faydalarından bəhs olunur. Lakin Google bu 4 səhifənin 4-ünü də eyni olaraq görür. Burada səhifələr içərisindəki məzmunların eyni olması vacib deyil. Hər 4 məzmunda da eyni açar söz və mövzu hədəfləndiyi üçün biz bu səhifələri kopya məzmun olaraq sayılır.
Bu halda ya əsas məzmunu saxlayıb geridə qalan 3 məzmunu silməliyik, ya da kanonikal teqlərdən istifadə etməliyik.
Bəs, kanonikal teqlərdən necə istifadə edə bilərik?
Eyni nümunədən davam edək.
Deyək ki, sizin əsas məzmununuz https://saytadi.com/almanin-faydalari/ səhifəsidir. Bu halda digər 3 səhifənin hər birinə kanonikal teq verməlisiniz. Verəcəyiniz kanonikal teq isə aşağıdakı formada olacaq:
link rel="canonical" href="https://saytadi.com/almanin-faydalari/">
Siz hər 3 səhifəyə də bu kanonikal teqi əlavə etməklə, Google axtarış sisteminə sadəcə ilk səhifəni nəzərə almalı olduğunu deyirsiniz.
Saytınızı İşləməyən URL-lərdən (404) Təmizləyin
Fərz edək ki, siz saytınızda hal-hazırda işləyən bir səhifəni sildiniz. Sil səhifəni sildiyiniz zaman, o səhifə saytınızdan yoxa çıxmır. Həmin səhifənin URL-si saytınızda qalmağa davam edir. Google axtarış sistemi botu isə həmin URL-in saytınızda olduğunu zənn edərək istək atmağa davam edir.
Nəticədə isə Google axtarış sistemi saytınızda əslində olmayan bir URL-ə istək atır. Bu isə crawl büdcəsini boşa xərcləməyinizə səbəb olur.
İşləməyən URL-lər 404 xətası verən URL-lərdir.
Bir saytda nə qədər çox 404 xətası verən URL varsa, bu saytın SEO-suna o qədər neqativ təsir göstərir. Bu URL-ləri əlaqəli səhifələrə 301 yönləndirmək bu problemin həlli üçün ən yaxşı yoldur.
Yetim Səhifələri Düzəldin
Yetim səhifələr saytınızdakı heç bir səhifədən keçid almayan səhifələrdir. Bu səhifələr saytınızda tapılmadığı və ya heç bir səhifədən yetim səhifəyə keçid olmadığı üçün gücsüz qalırlar və SEO-nuza mənfi təsir göstərirlər.
Yetim səhifələri tapmaq üçün Screaming Frog və ya Semrush alətlərindən istifadə edə bilərsiniz. Həmin səhifələri tapdıqdan sonra isə, güclü səhifələrinizdən həmin səhifələrə daxili linklər verərək problemi həll edə bilərsiniz.
Açar Söz Araşdırması Yoxlama Siyahısı
Uğurlu SEO-nun təməli doğru açar söz araşdırması etməkdir. Açar söz araşdırmasını doğru etsəniz, hədəf kütlənizin qarşısına çıxa biləcəksiniz. Açar söz araşdırmasını düzgün etmək üçün isə nəzərdən qaçırmamalı olduğunuz bəzi məqamlar var.
Açar Söz Strategiyası Yaradın
Açar söz strategiyanız olmadan açar söz araşdırmalarına başlamaq doğru bir yanaşma deyil. Düzgün açar sözlər tapmaq hər nə qədər önəmli olsa da, tapdığınız açar sözlərin ümumi SEO strategiyanıza uyğun olub olmadığını da bilməlisiniz.
“Long Tail” Açar Sözlər Üçün Google və “AnswerThePublic” İşlədin
Açar söz araşdırması SEO prosesinin onurğa sütunudur. Əgər saytınız yenidirsə və elektron ticarət, təhsil və ya tibb sahələri kimi olduqca rəqabətli bir sahədə fəaliyyət göstərəcəksinizsə, açar söz araşdırmasını düzgün etmək vacibdir. Əks halda vaxtınızı boş yerə yüksək rəqabətli, nəticə ala bilməyəcəyiniz açar sözlərə xərcləyə bilərsiniz.
Açar söz araşdırmalarında uzun açar sözlərə fokuslanmaq, qısa zamanda sürətli və yaxşı nəticələr almaq üçün faydalı ola bilər. Uzun açar sözlərdə Google axtarış nəticələrində sıralama almaq, qısa açar sözlərlə müqayisədə çox daha asandır.
Qısa və uzun açar sözlərə nümunə olaraq:
Qısa açar söz - iPhone 15
Uzun açar söz – Ucuz iPhone 15 modelləri
Uzun açar sözləri tapmaq üçün elə Google axtarış motorunun özündən istifadə edə bilərsiniz.
Google axtarış motorundan əlavə olaraq, siz Soovle və ya AnswerThePublic kimi platformalardan istifadə edərək uzun açar sözləri tapa bilərsiniz.
Uzun açar sözlərinizi tapdıqdan sonra siz həmin açar sözlər üçün keyfiyyətli məzmun yaradaraq Google axtarış nəticələrində ilk sıralara çıxa bilərsiniz.
Semrush ilə Açar Sözləri Tapın
Əgər SEO optimizasiya edəcəksinzsə, Semrush SEO alətini istifadə etməyi bacarmalısınız. Bu alət vasitəsilə siz çox rahat bir şəkildə açar söz araşdırması edə bilərsiniz.
Açar Söz Qruplaşdırması Edin
Siz açar söz araşdırması zamanı əvvəlcə əsas açar sözünüzü tapmalı, daha sonra isə həmin açar sözü daha yaxşı hədəfləmək üçün açar sözünüzlə əlaqəli digər açar sözləri tapmalısınız.
Misal olaraq, deyək ki siz “sumqayitda kiraye evler” açar sözünü tapdınız. Bu açar söz üzrə səhifə açmaq və məzmun yaratmaq istəyirsiniz. Bu zaman siz sadəcə bu açar sözə hədəflənməməli, bu açar sözlə əlaqəli digər açar sözləri tapmalı və məzmununuzda işlətməlisiniz.
Bunun üçün də Semrush alətini istifadə edə bilərik.
Sumqayıtda kirayə evlər ilə əlaqəli digər açar sözləri də tapdıqdan sonra siz məzmun daxilində bu açar sözləri işlədərək məzmununuzu SEO cəhətdən daha güclü hala gətirə bilərsiniz.
Məzmun SEO Yoxlama Siyahısı
Google nəticələrində ilk sıralarda çıxmaq istəyirsinizsə, mütləq yaxşı yazılmış məzmununuz olmalıdır. Məzmunlar Google axtarış nəticələrində səhifənizi üst sırala qaldırmaq üçün ən vacib elementlərdir. Məzmun SEO yoxlama siyahısında daha yaxşı bir məzmuna sahib olmaq üçün nəzər yetirməli olduğunuz faktorları tapa bilərsiniz.
Snippetlərə fokuslanın
Snippetlər Google axtarış nəticələrində xüsusi xanalarda görünən bölmələrdir. Bu bölmələr bəzən məzmunun daxilindəki müəyyən hissələrlə, bəzən isə siyahılar və digər elementlərlə doldurulur. Snippetlərin məntiqi axtarış edən istifadəçilərə lazımlı olan məlumatı birbaşa ötürməkdir.
Məzmununuzu Google snippetlərə çıxacaq formada optimizasiya etmək, səhifələrinizin ilk sıraya gəlməsinə və daha çox trafik çəkməsinə kömək edə bilər.
Snippetlərdə çıxmaq üçün axtarış nəticələrini analiz etməlisiniz. Müəyyən bir məzmun üçün hədəflədiyiniz açar sözləri Google-də axtarışa vuraraq snippetlərdə görünən saytlara keçid edin və həmin saytların məzmunlarına nəzər yetirin. Bəzən cümlə qəliblərindən istifadə etmək, rəqibdən daha yaxşı və açıqlayıcı cümlələr yazmaq snippetdə görünmə şansınızı artıra bilər.
Mövzu başlıqlarından istifadə edin
Mövzu başlıqları saytınızda yer alan məzmunu daha asan oxunula bilən hala salmaqdan əlavə, məzmundaki açar sözləri daha yaxşı hədəfləməyinizə imkan tanıyır.
Mövzu başlıqları - yəni H teqlər, səhifə başlığınızı görüb sayta keçid edən istifadəçini səhifədə tutmaq üçün ən vacib elementlərdəndir.
Məzmununuzu hissələrə bölmək, hər hissəyə müəyyən mövzu başlıqları yerləşdirmək və həmin mövzu başlıqlarında açar sözlərə yer vermək səhifənizin axtarış nəticələrində daha yaxşı nəticə əldə etməsinə kömək edəcək.
Məzmunda qısa cümlələrdən və paraqraflardan istifadə edin
Uzun mətnlər və paraqraflar istifadəçilərin səhifədən çıxmasına səbəb olur. Bu səbəbdən məzmununuz istifadəçilərin rahatlıqla oxuya biləcəkləri formatda olmalıdır.
Daha oxunaqlı bir məzmun üçün hər paraqrafda sadəcə 2-3 cümlə işlətmək, məzmun daxilində siyahılardan, şəkillərdən istifadə etmək, mövzu başlıqları ilə məzmunu daha rahat oxuna bilən hala gətirmək faydalı həllər ola bilər.
Bu üsullar istifadəçilərin məzmununuzu daha rahat oxumasına kömək edəcək. Eləcə də, qısa paraqraflardan istifadə etmək məzmununuzun müəyyən hissələrinin Google snippetlərində görünməsinə kömək edəcək.
Məzmununuza “içindəkilər” hissəsi əlavə edin
Məzmunlarda “içindəkilər” hissəsi (table of contents) istifadə etmək, istifadəçilərin məzmunlarınızda axtardıqlarını daha rahat tapmaqlarına kömək edəcək. Əlavə olaraq, “içindəkilər” hissəsində yer alan hər bir başlıq, Google tərəfindən ayrı bir link olaraq qeydə alındığı üçün məzmununuzun daha çox tanınmasına və Google nəticələrində ön plana çıxmasına kömək edəcək.
Məzmununuzda şəkillərdən və videolardan istifadə edin
Sadəcə mətnlərdən ibarət olan məzmunlar istifadəçinin səhifədə vaxt keçirməsinə əngəl olan faktorlardan biridir. Bu səbəbdən məzmunu gözə xoş gələn hala gətirmək lazımdır. Bunun üçün siz şəkillərdən və ya videolardan istifadə edə bilərsiniz. Məzmununuza, kontekstual şəkillər və videolar əlavə etməkdən çəkinməyin.
Şəkil və videolardan əlavə, məzmunlarınızda giflər, siyahılar (tables), infoqrafiklər işlədərək məzmunun keyfiyyətini artıra bilərsiniz.
Məzmun uzunluğuna diqqət edin
Məzmun uzunluğu sektordan sektora, mövzudan mövzuya dəyişir. Lakin SEO-da məzmun uzunluğunu lazım olduğu qədər uzun etmək olduqca vacibdir. Məzmununuzun nə qədər uzun olmalı olduğunu müəyyən etmək üçün siz elə Google-nin özündən istifadə edə bilərsiniz.
Bunun üçün siz hədəfləmək istədiyiniz açar sözü Google-də axtarmalı və çıxan ilk 10 nəticənin məzmun uzunluqlarına baxmalısınız. Bunu etdiyiniz zaman siz yazmalı olduğunuz məqalənin orta hesabla nə qədər uzun olacağını başa düşəcəksiniz. Açar sözü hədəfləmək üçün həddindən artıq uzun məzmun yazmaq və ya çox qısa məzmun yazmaq həmin məzmunun Google axtarışlarındakı sıralamasına təsir göstərəcək.
Məzmunu davamlı olaraq yeniləyin
Məzmunları davamlı olaraq yeniləmək və istifadəçilər üçün əlçatan hala gətirmək vacibdir. Google yenilənən və təkmilləşdirilən məzmunları çox sevir. Əgər saytınızda bir neçə ildir toxunmadığınız məzmunlar varsa, həmin məzmunların Google nəticələrində zaman içərisində aşağı sıralara düşdüyünü görə bilərsiniz. Bu səbəbdən məzmunlarınızı hər 3, 6 və 12 aydan bir yeniləyin.
Məzmunu yeniləmək üçün siz məzmuna yeni paraqraflar əlavə edə bilərsiniz. Yeni şəkillər əlavə etmək, köhnə məlumatları yeniləmək, 1-2 cümlədə düzəlişlər etmək məzmunu yeniləmək üçün kifayət edəcəkdir.
Səhifə Daxili SEO Yoxlama Siyahısı
Səhifə daxili SEO Google axtarışlarında yüksək nəticələr əldə etmək istəyən hər kəs üçün əsas faktorlardan biridir. Bu yoxlama siyahısında saytınızın səhifə daxili SEO optimizasiyası üçün diqqət etməli olduğunuz nüansları tapacaqsınız.
Hədəf yönümlü meta açıqlamalar yazın
Meta açıqlamalar istifadəçiləri səhifənizə çəkən əsas elementlərdən biridir. Bu açıqlamalar Google axtarış nəticələrində görünür və istifadəçilər tərəfindən diqqət mərkəzində olur. Bu səbəbdən yaxşı və diqqət çəkici meta açıqlamalar yazmaq, axtarış nəticələrində səhifənizi görən istifadəçiləri sayta çəkmək üçün vacibdir.
Meta açıqlamalar maksimum 160 simvoldan ibarət olmalıdır. Meta açıqlamalarınız mütləq şəkildə səhifənizdə nə olduğunu qısa bir şəkildə izah etməlidir. Açar sözləri meta açıqlamalarda işlətməyə diqqət göstərməlisiniz.
Açar sözlərinizi səhifə başlığına, səhifə linkinə və mövzu başlıqlarına əlavə edin
Məz mun daxilində hədəflədiyiniz əsas açar sözü səhifə başlığının əvvəlinə əlavə etməlisiniz. Bu sayədə siz Google axtarış motoruna bu səhifədə hansı açar sözü hədəflədiyinizi göstərə bilərsiniz.
Açar sözləri səhifə URL-ində və mövzu başlıqlarında işlətmək, məzmununuzla həmin açar sözü ən yaxşı formada hədəfləmək üçün vacibdir.
Qısa URL-lərdən istifadə edin
Saytınızdakı URL-lər mütləq qısa olmalıdır. Google-də ən yaxşı nəticələr əldə edən səhifələrə nəzər yetirsəniz, bir çoxunun səhifə linklərinin qısa olduğunu müşahidə edə bilərsiniz. Bu səbəbdən URL-lərdə sadəcə əsas açar sözü yazmaq, məzmununuzda həmin açar sözü ən yaşxı formada hədəfləmək üçün kifayət edəcək.
Əgər saytınızda mövcud olan URL-lərin linklərini dəyişmək istəyirsinizsə, link dəyişikliyindən sonra köhnə linki yeni linkə 301 yönləndirməsi ilə yönləndirməyi unutmayın.
Daxili linklərdən istifadə edin
Daxili linkləmələr SEO üçün çox vacibdir. Siz br səhifəyə daxili link verdiyiniz zaman həmin səhifənin vacib bir səhifə olduğunu Google axtarış motoruna demiş olursunuz. Bu səbəbdən saytınızda daxili linkləmələrə üstünlük verməlisiniz.
Daxili link verərkən diqqət etməli olduğunuz ən vacib məqam isə anchor mətnlərdir. Anchor mətnlər daxili linkin yerləşdirildiyi mətni ifadə edir. Müəyyən bir səhifəyə daxili link vermək üçün hər zaman eyni anchjor mətni istifadə etməyin. Bunun yerinə anchor mətnləri çeşidləndirməyə çalışın.
Nümunə olaraq, əgər siz iPhone 15 səhifənizə başqa səhifələrinizdən daxili link verəcəksinizsə, işlədə bləcəyiniz anchor mətnlər aşağıdakı kimi ola bilər:
iPhone 15
iPhone 15 modelləri
iPhone 15 qiymətləri
Bu sayədə siz hər zaman eyni anchor mətni işlətməmiş olacaqsınız. Əlavə olaraq, Google axtarış motoruna link verilən səhifənin müxtəlif sorğular üçün vacib olduğunun siqnalını da ötürəcəksiniz.
Şəkillərinizi optimizasiya edin
Bəzən şəkillərin SEO üçün nə qədər vacib olduğunu gözdən qaçırdırıq. Halbuki şəkillər saytın SEO-su üçün həll edici rol oynaya bilər. Səhifə daxili SEO optimizasiyası zamanı şəkillər üçün tətbq edə biləcəyiniz optimizasiya həlləri arasında aşağıdakılar yer alır:
- Şəkillərin mövzusunu izah edən alt-mətnlərdən istifadə etmək
- Şəkil faylının adını açar söz və ya alt-mətn ilə eyni etmək
- Şəkillərin hamısını webp formatına çevirmək və saytda yalnız bu formatlı şəkillərdən istifadə etmək
Bütün bu addımlar saytınızda SEO-ya uyğun formada şəkil istifadə etməyinizə imkan yaradacaq.
Səhifə Xarici SEO (Backlink) Yoxlama Siyahısı
Saytınızda etdiyiniz bütün SEO optimizasiyalar, səhifə xarici SEO olmadan hər zaman yarım olacaq. Səhifə xarici SEO saytın gücünü artırmaq üçün həyata keçirdilən backlink yaradılması fəaliyyətlərini ifadə edir. Backlinklər başqa saytlardan saytımıza verilən keçidlərdir. Bu keçidlər Google axtarış motoru tərəfindən birbaşa olaraq sıralama faktoru olaraq qəbul edilir. Saytımızın keyfiyyətli backlink sayısı nə qədər çoxdursa, saytımız axtarış motorlarında bir o qədər yaxşı nəticələr əldə edə bilər.
Saytımızın cari backlink vəziyyətini (backlink profilni) yoxlamaq üçün Semrush alətindən istifadə edə bilərsiniz.
Saytın backlink vəziyyətinə nəzər saldığımız zaman backlink sayısına yox, domen başı gələn dofollow backlnk sayısına nəzər salmaq daha doğru olacaq. Bu sayədə hansı saytların öz güclərini bizim saytımızla paylaşdığını görə bilərik.
Bu yoxlama siyahısında saytınızın səhifə-xarici SEO optimizasiyasını həyata keçirmək üçün diqqət edə biləcəyiniz səhifə-xarici SEO nüanslarını tapa bilərsiniz.
Rəqiblərin Backlinklərini Analiz Edin
Rəqib backlink analizi eynilə öz saytımızda etdiyimiz backlink analizinə bənzərdir. Rəqib backlink analizində məqsəd rəqiblərin necə bir strategiya izlədiyini anlamaq və saytımızda bənzər bir backlink strategiyasını tətbiq etməkdir.
Rəqiblərin backlink aldığı keyfiyyətli saytlardan backlink almaq, rəqiblərin backlinklər üçün istifadə etdiyi anchor mətnlərdən istifadə etmək, rəqiblərin aylıq aldığı backlink sayısı qədər (bəzən daha da artığını) backlink almaq saytımızın gücünü artırmaqla yanaşı, axtarış nəticələrində rəqibləri geridə qoymağa kömək edəcək.
Müntəzəm Olaraq Backlink Alın
Backlink alınması və ya backlink yaradılması hər sayt üçün vacibdir. Keyfiyyətli backlinklər olmadan SEO-da nəticə görmək çətindir. Bu səbəbdən hər ay müntəzəm olaraq backlnklər almalısınız. Backlink alarkən diqqət etməli olduğunuz faktorlar isə aşağıdakı kimidir:
- Saytınızla tematik olaraq bənzər olan saytlardan backlink almalısınız
- Keyfiyyətli, yüksək trafikə və backlink sayısına sahib saytlardan backlink almalısınız
- Backlink yerləşdirdiyiniz məzmunda 1-dən artıq backlink olmamalıdır
- Anchor mətnlərinizi düzgün seçməlisiniz. Anchor mətn olaraq səhifə adını və ya backlink almaq istədiyniz səhifənin əsas açar sözünü işlədə bilərsiniz. “Bu linkdən nəzər salın”, “buradan baxa bilərsiniz” kimi anchor mətnlər işlətməyin.
- Spam və ya zərərli saytlardan backlink almayın
- Eyni anda külli miqdarda backlink almayın
SEO Yoxlama Siyahısı (Checklist)
Bu yoxlama siyahısında SEO optimizasiyası zamanı diqqət etməli olduğunuz bir çox faktoru paylaşdıq. Unutmayın ki, SEO vaxt alan bir prosesdir. SEO-da yaxşı nəticələr əldə etmək üçün doğru SEO addımlarını atmaqla yanaşı, gözləmək və davamlı olaraq saytı təkmilləşdirmək vacibdir.