Sayt hazırlanması zamanı yol verilən 6 böyük xəta
Bizə hələ də qaranlıq qalır - niyə biznes sahibləri veb-saytı bu qədər ehmal edirlər? Veb-sayt bir şirkətin simasıdır və potensial müştərilər bu vasitə ilə xidmətlərinizi daha yaxından tanıyırlar.
Yaxşı bir atalar sözü var: “İnsanları geyiminə görə qarşılayırlar”. Rəqəmsal dünyada bu sözü "şirkəti saytla tanıyırlar" ilə əvəz etmək olar. Ona görə də, veb-sayt biznes sahiblərinin diqqət mərkəzində olmalıdır.
Bəs, bir veb-sayt yaradarkən hansı məqamlara diqqət etmək lazımdır? Gəlin birlikdə araşdıraq.
1 - Şüar
Sayta daxil olan istifadəçilər ilk olaraq saytın yuxarı sol küncünə diqqət edirlər. Orada şirkətin loqosu və şüarı yer almalıdır. Şüar isə konkret və lakonik olmalıdır. Məsələn, nəqliyyat şirkəti üçün uğurlu şüar hansı olardı: “Uğurunuz uğurumuzdur”, yoxsa “Bakı ətrafı yük daşımaları” ? Sizcə bunlardan hansı şirkətin mahiyyətini özündə daha çox əks etdirir və istifadəçiyə şirkət haqqında ilkin məlumat verir? Əlbəttə, ikinci variant. Şirkətin mahiyyətini daha lakonik şəkildə istifadəçiyə çatdıran şüar daha çox uğur gətirir.
2 - Əlaqə vasitəsi və iş saatları
Təcrübəmizdə əlaqə telefonu və iş saatları haqqqında məlumat yerləşdirilməyən saytlarla çox qarşılaşmışıq. Təəssüf ki, bu, böyük xətalardandır. Saytınızda şirkətinizin telefon nömrəsi yazılmalıdı və bu nömrə stasionar olmalıdır. Sadəcə mobil nömrə yazıldıqda şirkətinizin etibarı sarsılır. Həmçinin saytınıza “Mənə zəng et” düyməsi əlavə etməyiniz də, istifadəçilərin etimadını qazandıracaq.
İş saatları da qeyd edilməsi vacib olan məlumatlardandır. Sifarişlərinin statusunu dəqiqləşdirmək, yeni məhsul və ya xidmət sifariş vermək istəyən istifadəçilərə bu, çox lazımdır.
Telefon nömrəsini və iş saatlarını birlikdə yazın. Telefon nömrəsini daha nəzərə çarpan etmək uğurlu bir addımdır.
3 - Axtarış düyməsi
Bu, veb-sayt üçün çox mühüm bir məqamdır. İstifadəçi saytınızda axtardığı məlumatı daha tez tapmaq üçün bu düymədən istifadə edir. Ona görə də, bu düymə ilk səhifənin yuxarılarında yer almalıdır. Xüsusilə də, saytınızda məlumat sıxlığı varsa, bu element çox vacibdir.
4 - “Bizimlə əlaqə” səhifəsi
Düşünürük ki, veb-saytın ən mühüm elementlərindən biri “Əlaqə” səhifəsidir. Bu səhifə istifadəçilərin sizin xidmətlərlə maraqlandığını göstərir. Bu səhifəni mümkün qədər əlçatan və açıqlayıcı etmək vacibdir.
Bu səhifədə nə qədər çox və düzgün məlumat yerləşdirsəniz, o qədər yaxşıdır. Əlaqə vasitələri, ünvan, ünvanı göstərən xəritə, binanın fotosu və s. bu kimi elementlər istifadəçi rahatlığını təmin edir.
“Əlaqə” səhifəsində şirkətinizin bütün əlaqə məlumatlarını mümkün qədər tam təsvir edin. Səhifəni istifadəçi dostu edin ki, müştərilər sizi daha rahat tapsın və daha çox gəlsin.
5 - Müştərilər və ya rəy səhifəsi
Hər bir istifadəçi inandığı şirkətlə əməkdaşlıq etmək və ya ondan məhsul almaq istəyir. İstənilən layihədə etibar faktoru vacibdir. Müştəriləri və rəyləri olan səhifələr şirkətin məhsullarının, xidmətlərinin keyfiyyətini aşkara çıxarır. Təbii ki, söhbət “Fake” rəylərdən getmir.
Saytda təşkilatın əməkdaşlıq etdiyi şirkətlərin loqolarının və gördüyü işlərin icmallarının yerləşdirilməsi vacibdir.
6 - “Haqqımızda” səhifəsi
İstifadəçilərin etibarını qazanmaq istəyirsinizsə, veb-saytınızda bu bölməyə xüsusi diqqət edin. Müştəri başa düşməlidir ki, o, heç bir şeyi gizlətməyən və əlaqə saxlamağa hazır olan ciddi bir şirkətin saytındadır. Məsələn, təşkilatın təqdimatını göstərə və onun nə etdiyini ətraflı izah edə, üstünlüklərini vurğulaya və əlaqə saxlayan şəxslər haqqında məlumat yerləşdirə bilərsiniz.
“Şirkət haqqında” səhifəsinə məsuliyyətlə yanaşın. İstifadəçiyə kömək etməyə hazır olan dinamik və etibarlı bir şirkət olduğunuzu bildirin. Burada təşkilatın təqdimatını, əsas şəxslərin portretlərini, direktor haqqında dolğun məlumatları yerləşdirin.
Nəticə
Bütün elementlər istifadəçi rahatlığı və etibara köklənir. Ona görə də, veb-saytınızı yaradarkən özünüzü istifadəçinin yerinə qoyun və sizə necə asandırsa, siz şirkətə hansı şərtlərlə inanırsınızsa, onlar üçün də bunu təmin edin.